Azad edilmiş ərazilərdə işləyən əcnəbilər üçün yeni rüsumlar, güzəştlər müəyyənləşdi

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, qanuna əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 10 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1800 manat dövlət rüsumu müəyyənləşib. Bu halda 15 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat dövlət rüsumu alınacaq.

Qanuna görə, 20 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1200 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat dövlət rüsumu müəyyənləşib.

Yuxarıda qeyd olunan müddətlər 2023-cü il yanvarın 1-dən 5 il müddətinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 5 iş günü azaldılmaqla tətbiq ediləcək.

Miqrasiya Məcəlləsinə əlavə edilən yeni – 69.1-1-ci maddəyə əsasən isə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna ilə, qüvvədə olan qanunvericiliyə əsasən yenə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ümumi əsaslarla iş icazəsi 1 il müddətinə verilə, onun müddətinin isə hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadıla bilər.

Miqrasiya Məcəlləsinin 51.5-ci maddəsinə görə iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyaya keçirilir. Dəyişiklik bu qayda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tətbiq ediləcək.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Aslan AHMEDOF © 2024. All Rights Reserved.