1610008267_imza

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778; 2018, № 10, maddə 2001; 2019, № 5, maddə 857; 2020, № 6, maddə 707; 2021, № 5, maddə 450; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 iyul tarixli 1766 nömrəli və 2 avqust tarixli 1784 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 4.5-2-ci bəndinə “yoxlama başa çatanadək)” sözlərindən sonra “, habelə səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 avqust 2022-ci il

 

Mənbə: https://president.az/az/articles/view/56989

SANCTIONS

Maliyyə sanksiyası və inzibati cərimə

  1. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq vergi hesabatını, habelə hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatı əvəzinə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
  2. Vergi Məcəlləsinin 59.1-ci və 59.2-ci maddələrinə əsasən vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
  3. İnzibati Xətalar Məcəlləsinin 461.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə Dövlət Vergi Xidmətinə təqdim edilməməsi (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.
  4. İnzibati Xətalar Məcəlləsinin 461.2-ci maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın Dövlət Vergi Xidmətinə  təqdim edilməməsi, vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.
  5. İnzibati Xətalar Məcəlləsinin 467-ci maddəsinə əsasən Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulmasına görə, yəni: dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət rüsumunun düzgün tutulmaması, yaxud dövlət büdcəsinə vaxtında və ya tam ödənilməməsi, vəzifəli şəxslər 500 manatdan 700 manatadək cərimə edilir.