iStock_000062980709_Full

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üzrə portal istifadəyə verilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.

Fərmanın icrası ilə bağlı fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib.

Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olur (Alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur). Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.

Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul olunur və 2 iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.

Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər:

  • Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir;
  • Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir;
  • ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır;
  • Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

Picture1

ƏDV qaytaran xidmət və məhsullar – ARAŞDIRMA

Son bir neçə ildə əhalinin böyük marağına səbəb olmuş layihələrdən biri də alınmış mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri alınmasıdır.

Təsadüfi deyil ki, ən son məlumata görə, ƏDV-nin bir hissəsinin qaytarılması üçün “www.edvgerial.az” portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı axırıncı məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732 milyon 105 min 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303 milyon 851 min 384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bəs ƏDV-ni harada və hansı məhsullar üzrə geri almaq olur?

Bu barədə Dövlət Vergi Xidməti tərəfindən xeyli maarifləndirici məlumatlar paylaşılsa da, əhalinin müəyyən hissəsində sual yaradan məqamlar var.

APA bu barədə araşdırma edərək ƏDV-ni geri qaytaran xidmət və məhsullara bir daha aydınlıq gətirib.

Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də bu vergi növünün ödəyicisi olmalıdır. O da əlavə edilməlidir ki, ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Məlumdur ki, buğda ununun və çörəyin, heyvan və quş ətinin satışı 2024-cü ilədək ƏDV-dən azad edilib. Həmçinin bu ildən kitabların satışına da ƏDV tətbiqi aradan qaldırılıb.

Eyni zamanda, cari ildən üç il müddətində kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV malın bütöv məbləğindən deyil, ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Bu da o deməkdir ki, həmin məhsullara hesablanan ƏDV məbləği də digər məhsullarla müqayisədə azdır.

Ancaq burada bir məqam da var ki, ƏDV-nin bir hissəsinin qaytarılması bu vergi tətbiq edilən heç də bütün məhsullara şamil edilmir. Vergi Məcəlləsinin 165.5-ci maddəsində ƏDV-nin bir hissəsinin qaytarılmadığı məhsullar müəyyən edilib. Buraya neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları aiddir.

Lakin o da vurğulanmalıdır ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılara göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin də bir hissəsinin geri qaytarılması həyata keçirilir.

Hazırda qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. 2023-cü ildən isə nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizinin geri qaytarılacağı gözlənilir.

Lakin burada da istisna var. Belə ki, cari ildən fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin geri qaytarılan hissəsi onun 30 faizini təşkil edir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə görə, bu, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659